Vaqif Nəsib: Vəzifədən yapışmaqdan Anarın barmaqları caynağa çevrilib

Yazıçı Vaqif Nəsiblə müsahibəni sizə təqdim edirik.

– Müsahibəyə başlamamış səfərdən – Nalçikdən döndüyünüzü söylədiniz. Nalçikə niyə getmişdiniz?

– Onu deyim ki, Azərbaycandan kənara ilk ayaqaçdım Şimali Qafqazın ən dilbər güşələrindən Nalçikə, tələbə ömrümün ilk illərində olub. O zamandan həmin səfərlərim bir növ ömrümün-günümün bir ənənəsinə çevrilib keşməkeşli keçən illərim sonrası. Elbrus ətəklərindən şəhərdə qoyduğum özümə (ilimə) bir növ nəzər salıb, günlərimi çalxalayıb yağını çıxarıb, ayranını ayranlıq eləmək istəmişəm. Bu dəfə bu münasibətlərdən müsibətli bir münasibət də doğdu. Gənclik dostum, kabardin şairi Xasan Xazlepovun ölüm qarasına boyanıb ona yas saxlamalı oldum. Necə deyərlər, ömrümüzü sevinclərlə uzadır, dost itkiləriylə bölürük. Cücələr payızda sayılır, – deyirlər. Doğrudan da xəzan ağaclarını sayğaca döndərib yarpaqlarıyla “cücələri”, bir ilin varını, barını saymağa başlayır. Mən insan cücələrinin sayma dövrünə qışı, ilin sonunu hesab edirəm. Bu ilimin qazancı böyük qayğıkeşim Elçinin mənə işıq üzü göstərdiyi kitablar, ömrüm üçün nəfəslik kimi verdiyi Kür qırağındakı yaradıcılıq evim oldu. Onu bir illər yorğunu üçün nəfəslik, oksigen balışı da hesab etmək olar.

İtkilərimsə Qafqazın bu üzündə Mövlud Mövludun, Elbrus ətəyində Xasanın ömür qəzaları oldu. Nə etməli, fələyin çarxlarını saxlamaq mümkünsüzdür. Mövluda ağı əvəzi üç hekayə həsr etmişəm, Xasanın da şeir kitabını nəşr edib, onların mətbuatında ağrımı-acımı söyləyəcəm.

– Vaqif müəllim, sizin vaxtınızda çap olunmaq indiki kimi asan deyildi. Gərək min cür əngəl aşaydın, tanınmış qələm adamlarından zəmanət məktubu alaydın. Sizin də qarşınızda belə çətinliklər dayanmışdı, yoxsa Qazaxdan olmağınız bu yolu qət etməyinizi bir qədər asanlaşdırdı?

– Mehdi Hüseyn atamla dost idi. Məni gətirib Osmana tapşırmışdı ki, Sarı Hüseynin oğlu şeir yazır, ona kömək elə. Ancaq məni ən çox incidən elə Osman Sarıvəlli olub. O məni düz bir ildən çox get-gələ saldı, amma bir şeirimi də çap eləmədi. Bir dəfə Yazıçılar İttifaqında Mehdi Hüseynlə qarşılaşdıq, soruşdu ki, noldu Osman şeirlərini çap eləmədi? Dedim yox. Məni yanına salıb Osmanın kabinetinə gəldi, dedi, bizi Sarı Hüseynin əlində qoyacaqsan, bu uşağın şeirlərini niyə çap eləmirsən? Osman onu yola salandan sonra mənə dedi ki, atan yenə arı saxlayır? Dedim saxlayır. Ürəyimdə fikirləşdim ki, yəqin bal istəyir. Dedi arılara baxanda görmüsənmi? Dedim hə. Dedi boş şanıları görmüsənmi? Dedim hə. Dedi, bax, sənin şeirlərin də hələ boş şanı kimidir, içini balla doldurmaq lazımdır (gülür).

Səməd Vurğun bir dəfə atama demişdi ki…

– Axırı şeirinizi çap elədi?

– İlk şeirimi Süleyman Rüstəm çap elədi. O vaxt “Ədəbiyyat qəzeti”nin baş redaktoru idi. Çox böyük rəğbətlə qarşılandı. “Ədəbiyyat qəzeti”ində şeir çap olunması böyük uğur sayılırdı.

– Bəs kitabınız necə çıxdı? Onun çapına kim yardım göstərdi?

– Qazaxda bir Məmmədrza kişi vardı. “Cəfərqulunun qayıtması”ında onun obrazını yaratmışam. Bir dəfə onunla rastlaşdıq, dedi, Sarı Hüseynin oğlu, eşitmişəm şeir yazırsan, Seyfulla qayıdıb, “Uşaqgəncnəşr”in direktorudur, gəl ona bir məktub yazım, sənin kitabın çap eləsin. Seyfulla Şamilov da repressiya vaxtı həbs olunub sürgünə göndəriləndə Məmmədrza kişi həm onun uşaqlarına baxmışdı, həm də özünə tez-tez isti geyim, sovqat yollamışdı. Bəraət alandan sonra da Seyfulla Şamilovu gətirib “Uşaqgəncnəşr”ə direktor qoymuşdular. Onda kitab buraxmaq ağlımdan keçmirdi, dedim hələ tezdi. Dedi elə vaxtıdı, götürüb köhnə əlifba ilə bir məktub yazdı. Məktubu yazanda sonra da zarafata saldı ki, gərək heç Sarı Hüseynin oğlu olduğunu yazmazdım, üzünə baxan kimi biləcəkdi (gülür). Mən də sarışın idim. Hətta Səməd Vurğun bir dəfə atama demişdi ki, ay Söyün müəllim, Bakıda harda sarı uşaq görürəm, soruşuram Hüseyn müəllimin oğlumusan (gülür)?

– Yaxın idilər?

– Qori seminariyasının Qazax filalını bərabər qurtarmışdılar.

– Onda Səməd Vurğunu görərsiniz.

– Dəfələrlə. Tək Səməd Vurğunu yox, onun hesabına kimləri görməmişik: Nazim Hikməti, Üzeyir Hacıbəyovu. Hamısını yığıb Qazaxa gətirirdi.

– Məşhur bir lətifə var ki, Səməd Vurğun rayonlardan birinə ova gedir. Kənddə dostunu gözlədiyi vaxt evdən qoyulmuş kotletlərdən bir neçəsini itinə atır. Bunu görən kəndlilərdən biri deyir ki, itin olaydım, ay Səməd. Sizcə bu anekdot boş yerə yaranıb, Səməd imkansızlara kömək edirdi, yoxsa?

– Səməd Vurğun hər dəfə gələndə Maarif müdirinə tapşırırdı ki, kişilər getdi müharibədə həlak oldular, onların övladlarını oxutmaq bizim boynumuzadır. Səməd Vurğun Qazaxda öz pulu ilə yetimxana saxlayırdı, öz hesabına mədəniyyət sarayı tikdirmişdi. O, çox yaxşılıqlar edib.

Əvvəllərsə kirpivarilər tərəfindən tikanlandım…

– Vaqif müəllim, tənqidçilərin əsərlərinzə münasibəti sizi qane edir?

– Bir ara Anarla dost tənqidçilərin mənə münasibətindən qar yağdı. Əvvəllərsə kirpivarilər tərəfindən tikanlandım. Cavan vaxtımda Rəhim Əliyev, Qılıncxan Qurbanov və başqa tənqidçilər “Uzundərə” kitabımı tənqid eləmişdilər. Bircə Nadir Cabbar onlara cavab verib “Cəfəroğlunun qayıtması” hekayəmi Şoloxovun “İnsanın taleyi” hekayəsi ilə müqayisə eləmişdi. Daha sonra Elnarə Akimovanın mənim haqqımda yazısı var, bir də Elçinin bu yaxında hekayələrim haqqında səmimiyyət dolu bir yazısı çıxdı. O vaxt Rəsul Rza mənim şeirlərim haqqında “Durna günü” adlı böyük məqalə yazmışdı.

– Nədənsə Rəsul Rzanı çox istəyirsiz, amma oğlu ilə yola getmirsiz.

– Mən Vaqif Səmədoğlu ilə bərabər Rəsul Rzanın yanında Azərbaycan Sovet Ensiklopediyasında işləmişəm. O başqa adam idi, oğlu başqa adamdır. İmkan tapan kimi Vaqiflə qoşalaşıb içməyə qaçardıq. Hər dəfə də qayıdanda Rəsul Rzayla rastlaşırdıq. Hirslənib deyirdi qapıya milisioner qoyacam ki, sizi buraxmasın (gülür).

– Əli Kərim də sizinlə işləyib?

– Yox, işləməyib. Əli Kərim yoldaşını ora düzəltmək istəyirdi. Deyəsən yer yox idi, ya nə idisə, Rəsul Rza Elza xanımı işə götürməmişdi. Bir dəfə Əli dəm gəldi. Mənə dedi, başınızın kiçiyi harda oturur? Dedim əəə, yoxdu, Moskvadadı. Onu güclə çıxardım ordan.

– Əli Kərimlə möhkəm dost olmusunuz. Sizcə, o, niyə belə faciəvi ömür yaşadı?

– Əli Kərim Rusiyada oxuyub gələndən sonra Mehdi Hüseyn ona övlad mehri salmışdı. Elə bil, Əli onun mənəvi oğlu idi. Mehdi Hüseyn ölməsəydi, Əli Kərimin hər cür şəraiti olacaqdı. Mehdi Hüseyn öləndən sonra Mirzə İbrahimov Yazıçılar İttifaqının sədri seçildi. O da Cəlal Məmmədovu “Azərbaycan” jurnalına rəhbər gətirdi. Cəlal Məmmədov da Əli Kərimi “piyaniska” adı ilə işdən çıxardı, saldı küçələrə. Sərdar Əsədi də “Uşaqgəncnəşr”dən çıxarmışdılar.

Üçü də uğursuzluq dərəsinə yuvarlanmışdı…

– Sərdar Əsəd də intihar elədi.

– Hə, Əli Kərimin ad günü günü özünü asdı. Demək, bu ikisi bir-birinə qoşulmuşdular. Mən də o vaxtı hələ işləyirdim. Sonradan işdən çıxardılar, qoşuldum onlara. Üç sərgərdən olduq. Bütün günü Sərdar, mən, Əli Natəvan heykəlinin ətrafında fırlanırdıq (gülür).

– Kimlərlə otururdunuz?

– Əli Kərim ancaq ürəyi istəyən adamlarla oturardı. Xoşu gəlməyən adamlarla oturmazdı. Onun bir şeiri var, “Palçıq adam” onu, incik zamanlarında Fikrət Qocaya aid edirdi.

– Əli Kərim şairlərdən kimləri bəyənirdi?

– Səməd Vurğunu çox bəyənirdi.

– Bəs öz həmyaşıdlarından kimləri bəyənirdi?

– Əli Kərim o qədər kasıb idi ki, ehtiyac üzündən üç adama uğurlu yol yazıb. Telman Dəmir var idi, aşbaz işləyirdi. Əli Kərim ona da uğurlu yol yazıb. Amma ehtiyatlı yazmışdı: “Telmanın şeirlərində hələlik sözlər bir-birinə qonşu olmaq istəmir”, deyib özüylə özünü və bizi badə qonşusu eləmişdi (gülür). Sonra Arif Abdullazadəyə uğurlu yol yazmışdı. Son günlər də şirin çaxırını alan Vaqif İbrahimə şirin söz demli olmuşdu. Deməyim odur ki, üç şairə uğurlu yol yazmışdı, üçü də uğursuzluq dərəsinə yuvarlanmışdı. Səməd Vurğunun misrası var: “Ehtiyac qul edir qəhrəmanı da.” Əli Kərim o cür adam idi.

– Vaqif müəllim, sizin Anarla soyuqluğunuzun səbəbi nədir? Bu şəxsi, yoxsa əqidə davasıdır?

– Şəxsi deyil. Mən Anarla doqquz il “Qobustan”da işləmişəm. O, mənim əsərlərimi nə sayır saysın, özü bilər. Vəzifəcə illərlə başımızda dəlləklik edən adamdı. Mən Anarın yaradıcılığını literaturşina hesab edirəm. Yəqin əsərləri haqqında dediklərimə görə kin saxlayırmış. Günlərin bir günü xeyirxahım Elçin prezident təqaüdü almağıma kömək etmək istədi. Anarın təqdimatı lazım idi. Anar nə desə yaxşı idi? Səndən qaqabda siyahıda nə qədər yazıçı var. Dedim məndən qabaq siyahıda sənsən, sən də dibçək yazıçısısan. Anar müsahibələrindən birində deyir ki, 800 dəfə məni tənqid ediblər. 800 dəfə təqnid ediblərsə bunlardan bir nəticə çıxar, əl çək bu vəzifədən. Vəzifədən yapışmaqdan artıq barmaqları da caynağa çevrilib. Çıx vəzifədən, qoy cavanlar işləsin, bir-birlərinə gün ağlasınlar. AYB elə bil Anarın şəxsi təsərrüfatıdır.

Qazax çox qədirbilməz yerə çevrilib…

– Əgər davanız şəxsi deyilsə, necə olur ki, AYB sədri Anarla düşmənçilik edirsiniz, amma neçə illər baş nazirin mədəniyyət məsələləri üzrə müavini olmuş Elçinlə ədəbiyyat davası aparmırsınız? Halbuki Elçini daha çox ititham etmək olar.

– Əvvəla yazıçıların bir-birinə düşmən deməyi artıq olar, bir cəbhədədirlər. Mən öz payıma onu şərxahım adlandırmışam. Elçini niyə qınamıram? Elçin bütün yazıçılar haqqında fikrini yazıb. Hətta Qazaxın ucqarındakı dərviş Hacı Məhəmməd var, onun haqqında da məqalə yazıb. Elçin ədəbiyyat məsələsində Anardan obyektivdir. Ədəbiyyata canı yanan adamdır.

– Vaqif müəllim, son vaxtlar təxəllüsünüzə bir Sarıhüseynoğlu adı da əlavə etmisiniz. Bu yaşda imzanızı dəyişmək ehtiyacı hardan yarandı?

– Hazırkı icra başçısına qədər Qazax çox qədirbilməz yerə çevrilib. Qazaxın maarifinin əsasını qoyanlar Mehdi Hüseyninin atası Əli Əfəndi olub, Osman əfəndi olub, Firudin bəy Köçərli olub. Eləcə də mənim atam Qazax maarifi üçün çalışıb. İndi Qazaxda nə Əli Əfəndinin, nə də Firudin bəyin adına yalançı bir küçə belə yoxdur. Dedim Anar atasından-anasından povest yazıb, mən də əsər əvəzi atamın adını adımın qabağına qoydum. İnanıram ki, seminariyanın yüz illiyi həmin çatışmazlıqları qurumuş budaqlar kimi arıtlayacaq.

– Vaqif müəllim, hər gün yazırsınız?

– Demək olar ki, hər gün yazıram. Rəhmətlik Vidadi Məmmədov deyərdi ki, məndən də çox içirsən, gəzirsən, məndən də çox yazırsan. Mən içkidən doppinq kimi istifadə edirəm. Yazıram, yazıram, yazıram, beyin tormozlaşanda iki-üç gün içkiyə keçirəm. Bir az düzələndən sonra təzədən o meydana qayıdıram.

– Günün hansı saatları yazırsınız?

– Tezdən yazıram. Bizi kimi fiziki işlə məşğul olmayanlara 3-4 saat yatmaq da bəs edir. Bir gün iyirmi səhifəyə qədər yaza bilirəm. Mənim ürəyim yox, barmağım qabardır.

Bizim bir kitabımıza az qala iki maşının pulu düşürdü…

– Qələmlə yazırsınız?

– Hə.

– Yazandan sonra düzəliş edirsiniz?

– Yox, birdəfəyə yazıram. Nəsrin bir çətin yolu var, onu keçdin, birdəfəyə yazacaqsan, keçmədin, yazmayacaqsan. Özünü gərək zorlayasan, yazmağa vərdiş edəsən. Özünü bu cür öyrətdinsə beynin alışacaq, cümləni avtomatik beynində qurub sonra yazassan. Nəsrdə əsas obraz yaratmaqdı. Buna görə də yazıçı gərək həm çox gəzə, həm də çox adam tanıya. Tanımaqdan da başqa, onların fərqli xüsusiyyətlərini ikicə cümlə ilə fərqləndirməyi bacara. Gənc yazarlar gərək ədəbiyyatın zəhmət tərəfindən qorxmasınlar. Siz gənclərə ona görə təəssüflənirəm ki, xalq dilində desək, bostanın urasına gəlmisiniz, yazıçılara göstərilən o qayğını görmədiniz. Bizim bir kitabımıza az qala iki maşının pulu düşürdü.

– Və sonuncu sual: Yanvarın 16-da 80 yaşınız tamam olacaq. Təəssüratlarınız necədir? Yubileyə hazırlıq görürsünüz?

– Şeiri zərgərlik, nəsri misgərlik saydım. Ahıllığıma qədər söz cilalayıb, kəlmə döyəcləyib hər iki janrda qələm çaldım. Nəsrdə son məhsulum, özümün, özümkimilərin həyatının inikası “Boz aylar” kitabım oldu.

80 ilimi son misralarımla belə yekunlaşdırdım:

Biçilmiş otlaqlara

uyğun tay, taya,

tay taya…

Seçilmiş dostluqlara

uyğun tay-taya,

tay-taya.

Keçilmiş ömürlərə

bunlar pak maya,

pak maya…

Günlərim biçildi də…

Dostlarım seçildi də…

Şaxta babalıq ömrümə

çatdım taytaya,

taytaya…

(AzNews.az)

image description
image description
image description