Gölkəndli Tanrıverdi Mustafayevə “Tərəqqi” medalı verildi

Prezident İlham Əliyev bu gün Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsi təltif edib.

Ölkə başçısının “Tərəqqi” medalı ilə təltif etdiyi energetika işçiləri sırasında “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də var.

Qeyd edək ki, Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın Krasnoselo rayonunun Gölkənd kəndində kolxozçu ailəsində anadan olub. 1969-ci ildə doğma kəndlərindəki orta məktəbin birinci sinfinə gedib.

1979-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasına qəbul olub.

1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.

1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib.

1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub.

1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb.

Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi – “Araz” cəmiyyəti yaradıb.

Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub. Həmin Departamentdə Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olunub.

1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb.

1998-ci ildə Moldova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü olub.

2001-ci ilin noyabrına qədər həmin vəzifədə çalışıb. 2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib.

2002-ci ilin əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib. Fevral ayının 7-də Moldovadakı işini Azərbaycandakı işlə dəyişib: “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub. Hazırda “Bakı Elektrikşəbəkə ASC”nin Mətbuat xidmətinin rəhbəridir.

News Reporter