Jurnalistin konsulluqda işgəncə ilə öldürülüb mişarla doğranmasının səs yazısı

Türkiyə səlahiyyətlilərinin əlində səudiyyəli müxalif jurnalist Camal Xaşoginin  (türk KİV-ləri onu Camal Kaşıkçı kimi təqdim edir) ölkəsinin İstanbuldakı konsulluğunda işğəncə ilə öldürülməsini və cəsədinin parçalanmasını sübut edən səs yazısı var.

Bu sensasion məlumatı “The Washington Post” qəzeti yayıb.

Qəzetin yazdığına görə Türkiyə rəsmiləri amerikalı həmkarlarını Xaşoginin öldürülməsini təsdiq edən səs yazılarının və videogörüntülərə malik olduqları barədə xəbərdar edib. Həmin dəlillər jurnalistin oktyabrın 2-də konsulluğun binasına daxil olandan sonra tutulduğunu, işdəncə ilə öldürüldüyünü və cəsədinin parçalara ayrıldığını sübut edir.

Qəzetə adlarının açıqlanmaması şərti ilə danışan türkiyəli rəsmilər deyiblər ki, sözügedən səs və videogörüntülər Xaşoginin öldürülməsinə görə səudiyyəli təhlükəsizlik əməkdaşlarının məsuliyyət daşıdığına dair “təkzibedilməz dəlillər” təşkil edir.

Səs və videogörüntülərin detalları barədə məlumatlı olan bir mənbə deyib: “Konsulluq binasının içərisindən alınan səs yazısı Xaşogi binaya daxil olandan sonra orada baş verənləri əks etdirir. Xaşoginin səsi və ərəbcə danışan adamların səsləri eşidilir. Jurnalistin necə dindirildiyini, işgəncə verildiyini və öldürüldüyünü eşidə bilərsiniz”.

Qəzet yazır ki, bu dəlillərin mövcudluğu Türkiyə rəsmilərinin Xaşoginin ölümündə tələsik Səudiyyə Ərəbistanını ittiham etmələrinə aydınlıq gətirir. Qəzetə danışan mənbə deyib ki, onlar hələlik bu dəlilləri ictimaiyyətə açıqlamaq istəmirlər. Çünki səs və görüntülər Türkiyə xüsusi xidmət orqanlarının ölkə ərazisində xarici diplomatik nümayəndəlikləri necə dinlədiyinin detallarını üzə çıxara bilər.

Xatırladaq ki, Səudiyyə kral ailəsinə bir vaxtlar xeyli yaxın olan, daha sonra saray çevrilişi ilə hakimiyyəti faktiki ələ keçirən vəliəhd şahzadə Muhammed bin Salmanı tənqid edən Cama Xaşoginin konsulluqa elektrikli mişarla doğrandığı haqda bundan əvvəl türkiyəli rəsmilərə istinadən “The New York Times” qəzeti yazmışdı.

Türkiyə rəsmilərinin KİV-lərə təqdim etdiyi videomüşahidə kameraları görüntüsünə əsasən həmin gün səhərə yaxın Səudiyyə Ərəbistanından iki “Gulfstream” təyyarəsi ilə xüsusi xidmət əməkdaşları və cəlladlar İstanbula gəlib. Onlar jurnalistin konsulluğa girişindən təxminən iki saat əvvəl qruplar halında binaya daxil olublar. Axşam saatlarında isə gəldikləri təyyarələrlə geri dönüblər. Qrupda insan bədənini hissələrə ayırmaq üzrə mütəxəssis-pataloji anatomiya mütəxəssisi və xüsusi olaarq cəsədi doğramaq üçün elektrikli mişar da olub.

“Sözçü” qəzeti isə yazır ki, Xaşogi konsulluğa daxil olarkən mobil telefonunu onu binanın qarşısında gözləyən nişanlısına verib. Amma mobil telefona inteqrə edilmiş “Apple” ağıllı saatı qolunda olub. Həmin qol saatı ilə mobil telefona bəzi səslər ötürülüb. Hazırda həmin səslər polis tərəfindən araşdırılır.

Digər məqam budur ki, jurnalistin konsulluğa daxil olmasından bir neçə saat sonra oradan qara rəngli, şüşələri qara plyonkalı, diplomatik nömrə nişanlı avtomobil çıxıb və Pendik bölgəsi tərəfə istiqamət alıb. Bu avtomobilin görüntüləri yol boyu 150-dən çox videomüşahidə kameraları ilə qeydə alınıb, amma avtomobil daha sonra kameraların nəzarətindən itib və 4 saat sonra konsulluğa geri dönüb. Ehtimal edilir ki, həmin avtomobildə Xaşoginin cəsədinin parçaları olub və onu harasa aparıb basdırıblar.

Səudiyyə rəsmiləri isə Xaşoginin konsulluqda öldürüldüyünü təkzib edir. Onlar iddia edirlər ki, jurnalist konsulluğu bir neçə dəqiqə, yaxud bir saat sonra tərk edib. Səudiyyə rəsmiləri konsulluqda axtarış aparılması barədə Türkiyə tərəfi ilə razılaşıb, amma məlumatlara görə cinayət yerinin təhqiq edilməsi üzrə kriminalistlərin binaya daxil olmasına razılıq vermək istəmirlər. Konsulluq binası ilə yanaşı konsulun özünün iqamətgahı da axtarılmalıdır. Jurnalistin məhz orada öldürüldüyü təxmin edilir. Bu gün iqamətgahın qarşısında qara rəngli avtomobil dayanıb və içərisindən ağ xalatlı bir nəfər çıxaraq içəri daxil olub. Həmin adamın kimliyi məlum deyil.

Ötən gün  ABŞ prezidenti Donald Tramp deyib ki, o, bu məsələni sonuna qədər bilmək istəyir.”Biz imkan verə bilmərik ki, bu, jurnalistlərin və ya kim olursa olsun, başına belə iş gəlsin”. Trampın sözlərinə görə,  vəziyyət “ciddidir” və o, Xaşoginin nişanlısı Hatice Cengizi Ağ Evə dəvət etmək istədiyini bildirib.

Türkiyənin TRT World kanalının yayınladığı və təhlükəsizlik kameralarından götürüldüyü deyilən kadrlarda konsulluğun qarşına dayanan avtomobillər göstərilib. Onların arasında qara rəngli mikroavtobuslar türkiyəli müstəntiqlərin diqqətini xüsusilə cəlb edib.

Videoda bir qrup “səudiyyəli” kişinin İstanbul aeroportundan Türkiyəyə daxil olduqları, mehmanxanada qeydiyyatdan keçdikləri və sonradan ölkəni tərk etdikləri göstərilib. Nişanlısı Hatice Cengizlə evlənməyə hazırlaşan Xaşogi Səudiyyə konsulluğuna əvvəlki nikahını bitirmək üçün boşanma prosesini başa çatdırmaq üçün getmişdi.

Videoda onun konsulluğa girdiyi görünür,  nişanlısı isə küçədə onu gözləyir.

“Sabah” qəzeti bildirib ki, çəkilmiş kadrlarda kəşfiyyatın 15 üzvü tanınıb. Türkiyə onların Xaşoginin yoxa çıxmasında əli olduqlarını güman edir.

BBC müxbiri Mark Louven-in bildirdiyinə görə, həmin heyətdən bir nəfər vaxtı ilə Londona da göndərilib.

Camal Xaşogi kimdir?

Vəliəhd Məhəmməd bin Salmanın tənqidçisi olan Xaşogi könüllü olaraq ABŞ-da sürgündə yaşayıb və “Washington Post” nəşri ilə jurnalist kimi yoxa çıxana qədər əməkdaşlıq edib.

O, “al-Watan” qəzetinin və qısa müddət fəaliyyət göstərmiş “Saudi TV”xəbər kanalının keçmiş redaktoru olub.

Uzun ilər ərzində Səudiyyənin kral ailəsinə yaxın olan şəxs sayılıb. O, yüksək rütbəli Səudiyyə rəsmilərinin müşaviri kimi çalışıb.

Lakin onun bir neçə dostu həbs olunduqdan sonra, “al-Hayat” qəzeti onun yazılarının dərcini dayandırıb, deyilənə görə, ona tvitlərini kəsmək barədə xəbərdarlıq ediləndən sonra Xaşogi Səudiyyə Ərəbistanından ABŞ-a köçüb. (Virtualaz.org)

News Reporter